CƏMİYYƏT


Pirsaat çayı daşdı, köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edildi

İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən bəzi ərazilərin subasmaya məruz qalması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bununla əlaqədar FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib.

Həmçinin, Mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.