CƏMİYYƏT
Milyonların etibarını qazanan “Report” 10 yaşını qeyd edir
Oktyabrın 27-də “Report” İnformasiya Agentliyinin (İA) 10 yaşı tamam olur. Media mühitində mötəbər xəbər mənbələrindən biri sayılan agentlik gündəlik olaraq ən son yenilikləri, ölkə və dünya gündəmində baş verən hadisələri oxucuların diqqətinə çatdırır. “Global Media Group” holdinqin tərkibində fəaliyyət göstərən agentlik üç dildə (Azərbaycan, rus və ingilis) xəbər yayır. İnternet ünvanı Report.az-dır. Agentlik kütləvi oxucu auditoriyasını dəqiq və dürüst xəbərlərlə təmin etməyi qarşısına əsas məqsəd qoyub. “Report” İA ötən illər ərzində mövcudluğunu qoruyub saxlamaqla yanaşı, populyarlığını da artıraraq media məkanında irəliləyib. Alternativ media resurslarının yarandığı bir şəraitdə bazarda 10 illik mövqeyini qoruyub saxlayan agentliyin gündəlik iş prosesini işıqlandırmaq üçün AZƏRTAC olaraq həmkarlarımızın qapısını döydük.