CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib, 1 nəfər xəsarət alıb, 1 nəfərin meyiti təhvil verilib.