Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi azərbaycanlı: Dedilər ki, kənddə cavan azərbaycanlıları qıracağıq

31.10.2024 [18:28]

Gülmira Mahmudova Qərbi Azərbaycandan deportasiya edilən minlərlə azərbaycanlıdan biridir. O, Qərbi Azərbaycanın tarixi Pəmbək mahalında yerləşən Kalinino rayonunun Saratovka kəndində yaşayıb, rayonda tanınmış dərzi olub. Qonşu olduqları ermənilərlə xeyirdə, şərdə birgə olublar. Bu xoş münasibət isə 1988-ci ilin noyabrına qədər davam edib. Necə deyərlər, çörəyi dizləri üstündə olan ermənilərin dırnaqarası dostluğu uzun çəkməyib. Ermənilər kənddəki azərbaycanlılara amansız işgəncələr verir, əşyalarını yandırır, mal-qaralarını əllərindən alırdılar. Bu qırğınları törədənlər arasında qonşu rayonlardakı ermənilər yanaşı, öz həmkəndliləri də olub.