DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
07.11.2024 [20:19]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, həmçinin Vətən Müharibəsi qəhrəmanlarının iştirakı ilə keçən tədbirdə mərkəzin təlimçiləri və benefisiarlarının hazırladıqları əl işlərinə baxış olub. Həmçinin, mərkəzin fotoqrafiya üzrə təlimçisi Orxan Əzimin işğaldan azad edilmiş ərazilərimizdən çəkdiyi fotolar ilk dəfə ictimaiyyətə təqdim olunub.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edərək dörd il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində möhtəşəm tarixi zəfər qazandığını, torpaqlarımızın Ermənistanın 30 ilədək davam edən işğalından azad edildiyini vurğulayıb. O, dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri və müharibə iştirakçılarının sosial dəstəklə əhatə olunması sahəsində aparılan işləri qeyd edib, həssas qruplara qayğının dövlətimizin siyasətində mühüm yer tutduğu bildirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin də həssas qrupların bacarıqlarının inkişafına, cəmiyyətə inteqrasiyasına xidmət etdiyi vurğulanıb.