CƏMİYYƏT


Dünya dini liderləri Xankəndi və Şuşa ilə tanış olublar

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçıları Xankəndi və Şuşa şəhərlərində olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin Zəfər meydanına gəlib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib.

Qonaqlar sonra Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər. Onlar əvvəlcə Cıdır düzünə qalxaraq oradan açılan gözəl mənzərəni seyr ediblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov nümayəndə heyətinə Cıdır düzü haqqında məlumat verib. Bildirilib ki, dağlar qoynunda yerləşən şəhərin Cıdır düzündə qədimdən Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir.

44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərləri böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Dini liderlər Şuşanın azad olunması uğrunda şəhid olanların ruhuna dua oxuyublar.