CƏMİYYƏT


Bərgüşad və Həkərinin qovuşduğu məkan, payızın rəngi ilə daha gözəlləşib

Qubadlı rayonu əsrarəngiz təbiəti ilə seçilir. Rayon ərazisində keçən iki böyük çay Qaralar kəndi ərazisində bir birinə qovuşur. Payız fəslində çayların qovuşduğu məkan əsrarəngiz mənzərəsi ilə daha diqqət çəkir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərgüşad və Həkəri çayları Qubadlı rayonu ərazisindən keçən iri çaylardan hesab olunur. Uzunluğu 178 km olan Bərgüşad çayı başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından, 3040 m yüksəklikdə yerləşən Zalxa gölündən götürür. Qubadlı rayonu Qaralar kəndi ərazisində isə Həkəri çaya qovuşur. Həkəri çaya gəldikdə isə bu çayın öz uzunluğu 113 kilometr Şəlvəçayın mənbəyindən hesablandıqda 155 kilometrə bərabərdir, Başlanğıcı Mıxtökən silsiləsinin cənub yamacında Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından əmələ gəlir. Həkəri çayı isə Zəngilan rayonunda Araz çayına birləşir.