Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

COP29-da dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin iqlim və inkişaf problemləri müzakirə olunub

16.11.2024 [15:01]

Xəbərin mətni

COP29 çərçivəsində “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə iqlimə davamlılığın və davamlı inkişafın gücləndirilməsi: problemlər və imkanlar” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin coğrafi təcrid səbəbindən dayanıqlı inkişafa və iqlimə davamlılığa nail olmaqda çətinliklərlə üzləşdiyini bildiriblər. Bu, qonşu tranzit ölkələrdən asılılıq və yüksək ticarət xərclərini də ehtiva edir. Onlar vurğulayıblar ki, bu çağırışlar onların ekoloji, iqtisadi və sosial şoklara həssaslığını artıran iqlim dəyişikliyinin təsirləri ilə daha da ağırlaşır.