CƏMİYYƏT
Araz Vadisi İqtisadi Zonasında kənd təsərrüfatı texnikaları və yük avtomobillərinin lizinqi təşkil olunur, servis xidmətləri göstərilir
05.01.2025 [15:23]
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC fəaliyyətə başlayıb. Burada kənd təsərrüfatı təyinatlı texnikalar və yük avtomobillərinin lizinq yolu ilə satışı təşkil olunmaqla bərabər, həm də nəqliyyat vasitələrinə peşəkar texniki servis xidmətləri göstərilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Servis mərkəzinin rəisi Kərim Qurbanov bildirib ki, mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində şəbəkə rolunu oynayır. Burada işğaldan azad olunmuş ərazilərdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstərmək potensialı var.