Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həll yolları müxtəliflik və inklüzivlik əsasında daha da güclənir
25.08.2025 [18:24]
İkinci “İqlim Dəyişikliyi Yay Düşərgəsi”nin açılışında çıxış etmək mənim üçün böyük şərəfdir. Çünki bu, sadəcə bir proqram deyil – ötən il COP29-un Gənclər üzrə Çempionu kimi fəaliyyətim dövründə yaranan bir arzudur. Ötən il bu düşərgəni ilk dəfə təşkil edəndə 35 ölkədən 75 gənc müəllimi qəbul etmişdik. Onların hər birinin gətirdiyi enerji və fədakarlığı bu gün də xatırlayıram. Bu, bir daha göstərdi ki, iqlim fəaliyyəti təhsildən başlayır – gənclərə daha yaxşı bir dünya qurmaq üçün düzgün alətlər və biliklər verməklə. Bu il isə çox xoşbəxtəm ki, bu ənənə davam edir. Bu dəfə 20 ölkədən 46 ilhamverici iştirakçı ilə yanaşı, Azərbaycanın bölgələrindən 10 gənc müəllimi də aramızda görürük. AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova avqustun 25-də Şamaxıda keçirilən “COP29 İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsi”nin açılış mərasimində deyib.