Nazir müavini: Növbəti fundamental istiqamət kənd təsərrüfatında süni intellekt əsaslı sistemlərin tətbiqidir
19.05.2026 [16:11]
Erkən xəbərdarlıq mexanizmləri sadəcə təhlükə barədə məlumatlandırma vasitəsi deyil. Bu, risklərin öncədən proqnozlaşdırılması, düzgün idarəetmə qərarlarının qəbulu, təbii resursların qorunması və ümumi məhsuldarlığın təminatıdır. Bu xüsusda, dəqiq aqrometeoroloji proqnozların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiyası mühüm strateji addımdır. Aqrometeoroloji datanın EKTİS vasitəsilə istehsalçılara operativ şəkildə ötürülməsi təsərrüfat fəaliyyətinin idarəolunmasında yeni keyfiyyət mərhələsi yaradır. Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.