Nigar Arpadarai: Şəhərlər innovasiya laboratoriyalarına çevrilməlidir
20.05.2026 [14:21]
Şəhər məkanları qlobal tullantıların böyük hissəsini yaradır, dünya resurslarının əksəriyyətini istehlak edir və eyni zamanda, iqlim təsirlərinin ön xəttində yerləşir. Əgər davamlı, dayanıqlı və yaşamaq üçün əlverişli şəhərlər istəyiriksə, “götür, istifadə et və at” psixologiyasını davam etdirə bilmərik. Bu model artıq işləmir. Biz materialların mümkün qədər uzun müddət dövriyyədə saxlanıldığı, yenidən istifadə edildiyi, təkrar emal olunduğu və yenidən dizayn edildiyi iqtisadi modelə keçməliyik. Plastik çirklənmə bu keçidin nə qədər təcili olduğunu açıq şəkildə göstərir. Bunu COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə deyib.