Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib

19.06.2026 [21:01]

Xəbərin mətni

Prezident İlham Əliyevin bu il mayın 25-də təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ölkədə ənənəvi sahələrin daha da inkişaf etdirilməsi və yüksək məhsuldarlığın əldə olunması mühüm hədəflərdən biri kimi müəyyən edilib. Bu baxımdan ipəkçiliyin müasir texnologiyalar əsasında bərpası, xüsusilə işğaldan azad edilmiş ərazilərin aqrar potensialından səmərəli istifadə olunması və yeni tut (çəkil) bağlarının salınması xüsusi önəm daşıyır. Bu strateji xəttin tərkib hissəsi olaraq, azad edilmiş bölgələrdə baramaçılığın dirçəldilməsi istiqamətində artıq ilk praktiki nəticələr əldə olunmağa başlayıb. Belə ki, iyunun 19-da Xocalı rayonunda 34 ildən sonra ilk dəfə olaraq barama tədarükü həyata keçirilib.