İtkin düşmüş şəxslərlə bağlı indiyədək mövcud olan məlumat bazalarının bir platformada yerləşdirilməsi imkanı yaranacaq
30.06.2026 [14:37]
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (İCMP) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında təmaslar II Qarabağ müharibəsindən əvvəlki illərə təsadüf edir. Sonradan bu təmaslar inkişaf etdirilərək əməkdaşlıq mərhələsinə çatdırılıb və 2022-ci ilin aprel ayında Katrin Bomberqerin rəhbərliyi ilə qurumun nümayəndə heyətinin Azərbaycana səfəri zamanı aparılmış müzakirələrin yekunu olaraq Dövlət Komissiyası və ICMP arasında itkin düşmüş şəxslərə aid məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi sahəsində əməkdaşlığa dair Protokol imzalanıb. Həmin vaxtdan etibarən əməkdaşlıq intensiv xarakter alıb. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.