Şərafət Həsənov: İtkin düşmüş şəxslərlə bağlı 11 min 542 donordan bioloji nümunələr toplanıb
30.06.2026 [14:48]
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi arasında 2008-ci ildə imzalanmış “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması” üzrə çərçivə sazişinə uyğun olaraq 2014-cü ildən etibarən itkin düşmüş Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin toplanmasına başlanıb. 2023-cü ildən etibarən isə bioloji nümunələrin toplanması işi Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır. Bu il iyunun 30-na olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 min 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.