Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: İtkin düşmüş şəxslər probleminin həlli bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir

30.06.2026 [14:52]

Xəbərin mətni

BMT-nin Baş katibinin 2025-ci ilin may ayında təqdim etdiyi "Silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi" hesabatında da dünyada çoxsaylı münaqişələrdə müşahidə edilən böyük insan tələfatının əsas səbəblərindən biri kimi beynəlxalq humanitar hüquqa hörmətin olmaması göstərilib. Bu reallıq bir daha təsdiq edir ki, itkin düşmüş şəxslər məsələsi yalnız milli gündəmin deyil, qlobal humanitar gündəmin də prioritet mövzularından biridir. Bunu xarici işlər nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Elnur Məmmədov iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.