Rüfət Əliyev: Nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb
30.06.2026 [14:55]
Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasında istifadə olunan müasir texnoloji avadanlıqlar, geniş təcrübə qazanmış mütəxəssislər və əldə olunan nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb. Ötən il itkin düşmüş şəxslərin axtarışında əməkdaşlıq üçün Ukrayna Səhiyyə Nazirliyinin müraciətinə cavab olaraq, genetik tədqiqatların aparılmasında metodiki kömək göstərilməsi, mütəxəssislər üçün təlim və treninqlərin keçirilməsinin mümkünlüyü Ukrayna tərəfinə bildirilib. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.