MƏDƏNİYYƏT
7 ən maraqlı aktiv istirahət növü – Şahdağdan REPORTAJ
25.07.2019 [17:47]
Yay tətilini maraqlı keçirmək hər kəsi düşündürən məsələdir. Bəziləri dəniz kənarına, digərləri təbiətə üz tutur. Amma istirahəti daha aktiv etmək imkanları da var. Ümumiyyətlə isə aktiv turizm getdikcə daha populyarlaşır. Çünki ekstremal əyləncələr xroniki yorğunluqdan qurtulmaq üçün çox təsirli vasitədir.
Xanım Nağıyeva, müxbir
“Şahdağ Turizm Mərkəzi deyəndə insanların ağlına ilk qış turizmi gəlsə də, bura yay mövsümü ərzində bütün yaş qruplarına uyğun əyləncələr təklif edir. Daha çox turistlərin üz tutduğu bu mərkəz adrenalin sevənlər üçün əvəzolunmaz bir məkandır”
Bura yay aylarında daha maraqlı olur desək yanılmarıq. Çünki qonaqlar çox sayda əyləncələrdən istifadə edə bilirlər. Demək olar ki, əksəriyyəti də ekstrimlə bağlıdır.
Çoxları ilk olaraq kanat yolu ilə başlayır.
Xanım Nağıyeva, müxbir
“Dağ turizminin ən maraqlı əyləncə növlərindən biri də kanatdır. Şahdağ turizm mərkəzində qış ayları ilə yanaşı yay aylarında da kanata böyük maraq var
Ənənəvi olsa da kanat yolu ilə 1800 metr hündürlüyə qalxmaq heç də az maraqlı deyil. Zirvəyə və geri 1400 metrlik yol 15 dəqiqə çəkir.
Dağ yollarında kvadrosikl sürmək maraqlı əyləncədir. Bu güclü mühərrikli maşınları idarə etmək elə də çətin deyil. Qısa təlimatdan sonra qoruyucu dəbilqələr geyinilir, mühərriklər işə salınır və xüsusi ayrılmış dolama yollarla gəzinti başlayır.
Kifayət qədər ekstrim yaşadan vasitə isə ziplayndır. 50 metr hündürlükdə 20-25 km/saat sürətlə 175 metrlik kanat boyu hərəkət. Ziplayn zəmanətli olaraq təhlükəsizdir. Təlimatçı kəmərləri bərkidir və lazımi təlimatları verir. Sürüşərkən isə əsas məsələ kanata toxunmamaqdı.
Xanım Nağıyeva, müxbir
“Əgər siz daha adrenalinli əyləncə arzulayırsınızsa, tandem paraplan uçuşlarından istifadə edə bilərsiniz. Buradakı ən hündür məsafə 2351 metrdir”.
İki kilometrdən artıq bir hündürlükdən paraplanla tullanmaq isə əsl adrenalindir. Uçuş pilotla birlikdə həyata keçirilir. Uçuşdan öncə pilot özü lazımi təhlküəsizlik tədbirlərini görür. Şahdağda uçuşlar müxtəlif yüksəkliklərdən edilir. Ən yüksək 2351 metr, ikinci 1800 metr, üçüncü, ən aşağı isə 1600 metrdir.
Şahdağ Turizm Mərkəzini ziyarət edənləri təklif olunan əyləncələr bununla bitmir. Yarış arabalarına oxşayan, lakin mühərriksiz olan bu kiçik maşınlar isə dağdan sərbəst enişə imkan verir. Düşmə zamanı sürət saatda əlli kilometrə çata bilər. Bob kart üçün nəzərdə tutulan yolun uzunluğu 1 kilometrə qədərdir.
Turistlər həmçinin Segway-lə ətrafı gəzərək kəşf edə bilərlər. Su slaydı isə digər sevimli əyləncə növüdür. Sərinləmək üçün 10 metr yüksəklikdən hovuza düşmək maraqlı duyğudur.
Şahdağda digər əyləncə növləri də var ki, onların hər biri özəlliyi ilə seçilir.