CƏMİYYƏT


Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib

İyunun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Şıx ərazisində yaradılmış nümunəvi ictimai çimərlik vətəndaşların istifadəsinə verilib. Təxminən 5 hektar sahəsi olan nəhəng ödənişsiz çimərliyin açılışı Bakıda çimərlik mövsümünün açılışına təsadüf edib.
AZƏRTAC xəbər verir ki, ötən il yaradılmış bu ictimai çimərlikdə daha geniş abadlıq işləri aparılıb, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, sərinləşdirici içkilər və müxtəlif qida məhsulları təklif edən köşklər, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları, avtomobil dayanacağı yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib. Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və şezlonqlar, ərazi boyunca zibil konteynerləri yerləşdirilib.