ELM VƏ TƏHSİL


Yuxarı siniflərin proqramlarını bilən “kalkulyator uşaq” Ruslan Səfərov, yaxud Azərbaycanda sinifdən sinfə necə keçmək olar

3-cü sinif şagirdi Ruslan Səfərov mürəkkəb riyazi hesablamaları kalkulyator sürəti ilə həll edə bilir. Atası Ruslanın qeyri-adi bacarığını videoya çəkərək “YouTube” kanalına yüklədikdən sonra o, Rusiya və Belarusun bir sıra telekanallarına dəvət alıb. Bu verilişlərdən sonra Ruslan “kalkulyator uşaq” kimi məşhurlaşıb.

Atası Fuad Səfərov deyir ki, Ruslanın riyaziyyata xüsusi istedadını hiss etdikdən sonra onunla xüsusi məşğul olublar. Azərbaycanlı vunderkind çətin hesablamaları, hətta kökaltı misalları da qısa vaxtda sərbəst həll edə bilir. Hazırda 9 yaşlı Ruslan ingilis dilində təhsil alır, proqramlaşdırmanı öyrənir. Arzusu proqramçı olmaqdır.

Fuad Səfərov, atası

“Ev şəraitində Ruslanla mən və anası məşğul olur, hərdən də babası da kömək edir. Böyüdükcə hər şeyi özü oxuyur. Riyaziyyatın 7-8-ci sinifin proqramını bilir, ona artıq biz kömək edə bilmirik, çünki mən özüm də bilmirəm həmin səviyyəni. Ona görə biz məcburuq ki, müəllim tutaq. Proqramçı olmaq istəyir, amma bu fikir  məndən gəlib. Amma böyüyəndə kim olacağına özü qərar verəcək”.

Ruslanın atası onun daha yuxarı siniflərdə təhsil alması arzusundadır. Qaydalara görə, bir sinifdən digərinə vaxtından əvvəl keçmək ibtidai təhsildə 3, ümumi orta təhsildə 8, tam orta təhsildə 10-cu sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

Elçin Kərimov, Təhsil Nazirliyinin məsləhətçisi

“Təhsil səviyyələrini vaxtından əvvəl bitirmək üçün əsas şagirdin fiziki sağlamlığı, psixoloji durumu, tədris materiallarının asan və sürətli mənimsənilməsi, xarici dillərin sərbəst öyrənilməsi, yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə, təfəkkürün, sərbəst nitq kimi amillər şamil olunur. Ümumilikdə prosesə hər il dekabr ayından başlanılır”

Bir sinifdən digərinə keçmək üçün isə şagird təhsil aldığı sinif üzrə keçirilən bütün fənnləri mənimsəməlidir

Elçin Kərimov, Təhsil Nazirliyinin məsləhətçisi

“İstər pedoqoji şurada müzakirəsi,istər yerli təhsili idarəetmə orqanı tərəfindən təşkil olunmuş komissiyada onun biliyinin qiymətləndirilməsi, istər də TəhsiI Nazirliyinin mütəxəssis qrupu tərəfindən qiymətləndirilmədə bir fənn nəzərə alınmır.  Yerli təhsili idarəetmə orqanı tərəfindən təşkil olunmuş komissiyada bütün fənn müəllimlərinin iştirakı təmin edilir. Bütün fənnlər üzrə şagirdin biliyi qiymətləndirilir”.