CƏMİYYƏT


On kiloqramdan çox narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabunçu rayonunun Maştağa qəsəbə sakinləri, Elşad Nəbiyev və Müşfiq Xalıqov saxlanılıblar. Axtarış zamanı M.Xalıqovdan 1 kiloqram 25 qram heroin, 500,171 qram metamfetamin, E.Nəbiyevdən isə 50,375 qram heroin aşkarlanaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən E. Nəbiyevin Maştağa qəsəbəsində yerləşən evindən 1 kiloqram 80 qram metamfetamin, 5 kiloqram 10 qram qurudulmuş marixuana və 3 kiloqram 75 qram heroin aşkar olunub. Beləliklə sonuncu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 10 kiloqram 740 qram narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır