Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi
08.10.2026 [18:49]
Türkmənbaşı görüşünün ən mühüm nəticələrindən biri Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıqda artıq kənardan tərəfdaş deyil, regional iqtisadi proseslərin bilavasitə iştirakçısı və inteqrasiyaedici aktoru kimi çıxış etməsidir. Azərbaycanın ötən il bu məşvərət formatının tamhüquqlu üzvünə çevrilməsi də məhz bu reallığı institusional baxımdan təsdiqləyir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün regionda siyasi dialoqun və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçidini nümayiş etdirən mühüm platforma olduğunu bildirib.