MÜSAHİBƏ


Bakı və Sumqayıt şəhərlərindəki tibb müəssisələrində struktur dəyişiklikləri aparılır

Səhiyyə sistemində həyata keçirilən islahatlar çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb. Aparılmış struktur dəyişikliyinə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 1 saylı Kliniki Tibbi Mərkəzin bazasında Nəsimi, Yasamal və Səbail rayonları üzrə tibb müəssisələrini özündə birləşdirən Kliniki Tibbi Mərkəz yaradılıb. Digər inzibati ərazi vahidləri üzrə isə Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ (Lökbatan), Ələt (Qaradağ), Xətai, Pirallahı və Xəzər tibb mərkəzləri təsis olunub. Qaradağ rayonunun ərazisinin böyüklüyü ilə bağlı və sakinlərin tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədi ilə sözügedən rayon üzrə 2 tibb mərkəzi (Lökbatan, Qaradağ) yaradılıb. Tibb mərkəzlərinin yaradılması zamanı müvafiq inzibati ərazi üzrə əhalinin sayı, əhaliyə düşən tibb işçilərinin sayı, tibb müəssisələrinin maddi-texniki bazasının vəziyyəti, nəqliyyat və digər infrastruktur imkanları nəzərə alınmışdır. Tibb mərkəzləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərəcəklər.
Bu struktur dəyişikliklərini həyata keçirməkdə əsas məqsəd Bakı və Sumqayıt şəhərləri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir.