Ölkəmizdən ilk dəfə Avropa İttifaqına dəri ixracı həyata keçiriləcək
27.08.2021 [18:19]
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avropa İttifaqı ölkələrinə heyan mənşəli qida və qeyri-qida məhsullarının ixracı sahəsində daha bir uğur əldə edilib. Belə ki, Agentlik tərəfindən baytarlıq nəzarətində olan qeyri-qida məhsullarının, o cümlədən işlənmiş dərinin Avropa İttifaqı ölkələrinə satışı istiqamətində zəruri tədbirlər həyata keçirilib və Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi (DG-Sante) Baş Direktorluğu ilə danışıqlar aparılıb.Agentlik tərəfindən "3A ÇÜMEN DERİ" MMC və "ŞAHİNDƏRİ.M" MMC yerli dəri istehsalçılarının müraciətləri əsasında həmin müəssisələrin Avropa Komissiyasının 142/2011 saylı Qaydalarında göstərilmiş tələblərə uyğunluğu qiymətləndirilib, çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə (TRACES) daxil olması üçün məktub ünvanlanıb.