Mlin Sakilia: Fransa Kaledoniyanı hərbiləşdirməklə söz azadlığına mane olur
24.10.2024 [11:28]
Kaledoniyada dinc nümayişlər işgəncəyə çevrilib, bütün ictimai fəallar Fransa polisi tərəfindən həbs edilib.
Bu fikirləri BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilmiş “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt və fransız müstəmləkəçiliyinin nəticələri” adlı beynəlxalq konfransda Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) partiyasını təmsil edən müstəqil deputat Mlin Sakilia AZƏRTAC-a açıqlaması zamanı söyləyib. Onun sözlərinə görə, ifadə və siyasi fikirləri boğmaq məqsədilə Fransanın milli, xüsusi və hərbi hüquq-mühafizə qüvvələrinin əksəriyyəti Kaledoniyaya yerləşdirilib. Bildirilib ki, kanaklar həbs olunub, döyülüb, sərt sorğu-suala məruz qalıblar. Həbs olunanlar qeyri-insani şəraitdə saxlanılır, ləyaqətləri tapdalanır. Bu günə qədər 500-dən çox kanak itkin düşüb, 2800 nəfər həbsdə saxlanılır, 13 nəfər ölüb.