MƏDƏNİYYƏT


Dünyada ikinci nəhəng müdafiə istehkamı olan Çıraqqala bərpa edilir REPORTAJ

Şabran rayonunun ərazisində, dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən Çıraqqala abidəsinin bərpasına hazırlıq işləri görülür.

Dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işləri Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılacaq. 

Böyük İpək yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan Çıraqqala dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Alimlərin araşdırmalarına görə, qala Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib və Gilgilçay səddinin baş qarovulxanası olub. Deyilənə görə, o, Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biridir. İki qala və səddin böyük bir hissəsi uçub dağılsa da, Çıraqqala müasir dövrümüzədək gəlib çatıb.