CƏMİYYƏT


DİN: SMS məlumatlarını saxtalaşdıran şəxs həbs edildi

"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi olan “8103” qısa nömrəsindən gələn razılıq SMS-in tarixini xüsusi kompüter proqramları vasitəsi ilə saxtalaşdıraraq karantin rejimi qaydalarını kobud sürətdə pozan şəxs saxlanılıb. Keçirilən tədbir nəticəsində Sumqayıt şəhər sakini Nail Yaqubov tutularaq məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 5-də özünə məxsus mobil nömrədən ərzaq almaq üçün “8103” xidmətinə SMS göndərib.
Həmin SMS-in cavabı olaraq N.Yaqubova saat 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib. Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsi ilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb. Həmçinin N.Yaqubov tarixini dəyişdiyi SMS-in şəklini sosial şəbəkələrdə və “Whatsapp” qruplarında yayaraq tanışlarını da eyni üsulla xüsusi karantin rejimi qaydalarını pozmağa çağırıb.