CƏMİYYƏT


Koronavirus uşaqlarda hansı fəsadlar verir AÇIQLAMA

18 yaşdan aşağı olan uşaqlarda koronavirusa yoluxma halları bu gün də mövcuddur. Bu hallar böyüklərlə müqayisədə dəfələrlə az olsa da, uşaqlar üçün COVİD-19 böyük təhlükədir. Bunu  Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib. Onun sözlərinə görə, koronavirusa yoluxan uşaqda bu virusun böyük fəsadları ola bilər.

Nəsib Quliyev, Səhiyyə Nazirliyinin baş pediatrı, professor

“Uşaqlarda bir çox orqanların funksiyasının kəskin pozulması, qan dövranının pozulması baş verir. Qansızmalar müşahidə olunur, dəridə qansızma mənşəli səpgilər əmələ gəlir. Hətta bu yaranmış vəziyyəti biz bəzən “Kawasaki ” xəstəliyi deyilən bir xəstəliyə oxşadırıq. Bu da son zamanların tədqiqatlarına görə, uşaq orqanizminin bu virus infeksiyasına qarşı verdiyi şiddətli “hiper reaksiya”, ona tufan deyirlər, bədəndə tufan yaratması ilə bağlıdır. Özümüzü necə qorumağa çalışırıqsa, uşaqları ikiqat qorumalıyıq”.

Koronavirusa yoluxmanın əlamətləri, demək olar ki, böyüklərdəki kimi olur. Yüksək hərarət, öskürək, tənəffüs çatışmazlığı uşaqlarda da müşahidə edilir. Uşaqların virusa qarşı həssaslığı isə qəbul etdiyi virus yükü və uşağın orqanizmindən asılıdır.

Nəsib Quliyev, Səhiyyə Nazirliyinin baş pediatrı, professor

“Biri var cüzi miqdarda virusa yoluxmuş olur, biri də var külli miqdarda virus daxil olur. Bunların nəticələri də fərqli olur. Uşaqlarda bəzən qan dövranı pozulur, damarlarda qansızmalar baş verir, səpgilər baş verir və uşaqlar ağır vəziyyətə düşür. Koronavirusun klassik əlamətləri və üstəgəl atipik pnevmoniya təəssüflər olsun ki, uşaqlarda da rast gəlinir”.

Mütəxəssis valideynlərə müraciət edərək bildirib ki, uşaqları koronavirusdan qorumaq üçün gigiyenik qaydalara əməl edilməlidir. Uşaqların əlləri tez-tez yuyulmalı, digər uşaqlarla təmasdan maksimum uzaqlaşdırılmalıdırlar. Uşaqlara sağlam və immuniteti gücləndirən qidalar verilməlidir.