CƏMİYYƏT


Koronavirusa görə kompüter tomoqrafiyasından hansı hallarda keçmək lazımdır - Həkim-radiolqun açıqlaması

COVİD 19 pandemiyası ilə əlaqədar ağciyərlərini kompüter tomoqrafiyası etdirən insanların sayı çoxalıb. Həkim-radioloq Səyyarə Hüseynovanın sözlərinə görə, özündə koronavirusun simptomlarını hiss etməyən insanlar belə müayinədən keçmək istəyirlər. Məlumdur ki, koronavirus infeksiyası ən çox ağciyərlərə zərər vurur, bu isə kompüter tomoqrafiyasında aydın görünür. Bəzən COVİD 19 testi neqativ çıxan xəstələrdə belə koronavirus infeksiyası kompüter tomoqrafiya vasitəsi ilə aşkar oluna bilər.

Səyyarə Hüseynova, həkim-radioloq

“Hər bir pnevmoniya növünün kompüter tomoqrafiya müayinəsində özünəməxsus görüntüsü olur, COVİD-19 pnevmoniyasının da məhz özünəxas görüntüsü olur ki, bu onu digər pnevmoniya növlərindən fərqləndirir. Hər iki ağciyərdə tutulma olur, periferik zonalarda, yəni ağciyərin kənar sahələrində tipik buzlu şüşə mənzərələri, fibrotik çəkintilər aşkar olunur. Biz bu növ pnevmoniyanın KT görüntüsünə əvvəllər COVİD-19 pandemiyası başlamamışdan öncə heç rast gəlməmişdik. Bizim KT praktikamızda belə bir görüntülü pnevmoniya növü heç olmamışdı”.

Mütəxəssis deyir ki, müraciət edən pasiyentlər klinikaya daxil olmazdan öncə hər bir pasiyentin hərarəti ölçülür. Koronavirusun hər hansı simptomları ilə müraciət edən xəstələr isə müayinə olunmur və pandemiya xəstəxanalarına yönləndirilir.

Səyyarə Hüseynova, Həkim-radioloq

“İnsanlar qorxuya, təşvişə düşüb. Heç bir simptomu olmayan insanlar da özünü yoxlatdırmaq istəyir. Məsləhət görərdim ki, əslində heç bir şikayəti olmayan insanlar tələsib özünü kompüter tomoqrafiyası müayinəsindən keçirməsinlər, buna ehtiyac yoxdur. Kəskin şikayətləri olan xəstələr müayinədən keçməlidir, hansı xəstələrdə ki, temperatur 38 dərəcədən yüksəkdir, təngənəfəslik, nəfəs darlığı, öskürək kimi şikayətləri var, o zaman həm COVİD-19 testi etdirmək, həm də kompüter tomoqrafiya müayinəsi etdirmək məsləhət görülür”.

Qeyd edək ki, son vaxtlarda ölkəmizdə koronavirus infeksiyasına yoluxanların sayı artıb. Ümumi yoluxanların sayı 15 mini, aktiv xəstə sayı isə 6 min 800-ü keçib.