Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə Strateji Ekoloji Qiymətləndirmə: 33 proses uğurla tamamlanıb

22.05.2026 [19:11]

Xəbərin mətni

Türkiyənin Strateji Ekoloji Qiymətləndirmə (SEA) üzrə normativ sənədi pilot layihələrdən sonra 2017-ci ildə qüvvəyə minib. Bu sənəd transsərhəd müddəalar istisna olmaqla, əsasən Avropa İttifaqının SEA direktivi ilə uyğunlaşdırılıb. Bu günədək ölkəmizdə 57 SEA prosesi başladılıb və onlardan 33-ü tamamlanıb. Bu proseslər əsasən ərazi planlaşdırılması, su idarəçiliyi, sahilyanı zonaların idarə olunması və kənd təsərrüfatı sektorlarını əhatə edir. Bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Strateji Ekoloji Qiymətləndirmə şöbəsinin direktoru Nihan Şahin Hamamçı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi” adlı tədbirin panel sessiyasında çıxış edərkən deyib.