CƏMİYYƏT


Bu gündən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək

1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.
Vətəndaşlar Xidmətlər Zərfindən yararlanmaq üçün səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir. Bunun üçün vətəndaşlar ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na uyğun olaraq ailə həkimini seçməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi qeydiyyatçıya təqdim edilməlidir.