MÜSAHİBƏ


Fermerlərə girovsuz şərtlərlə mikrokreditlərin verilməsi yaxın günlərdə icra olunacaq

Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Prezident İlham Əliyev aprelin 14-də “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat məbləğində vəsait ayrılıb. 

Kənd təsərrüfatı Prezidentin daim diqqət və qayğısında olan bir sahədir. Dövlət başçısının aprelin 14-də imzaladığı Sərəncam fermerlərimizə əlavə bir dəstəkdir. Bilirsiniz ki, xususilə əkin dövründə fermerlərin mikrokreditlərə tələbatı yaranır. Fermerlər kredit üçün banklara müraciət edəndə banklar tərəfindən əksər hallarda onlardan kredit müqabilində Bakıda mənzil girovu tələb olunur. Prezidentin imzaladığı Sərəncam fermerlərin kredit almaq imkanlarını asanlaşdıracaq. Yeni Sərəncam fermerlərə girov tələb etmədən mikrokreditlərin verilməsini nəzərdə tutur.