CƏMİYYƏT


Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavələrin ödənilməsinə başlanılıb

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə mart ayı üzrə müddətli əlavələrin ödənilməsinə başlanılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov bildirib ki, Bakı şəhəri üzrə 122 tibb müəssisəsinin tibb işçilərinə, respublikanın digər şəhər və rayonları üzrə 5 tibb müəssisəsinin tibb işçilərinə iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilib. Mart ayı üzrə ümumilikdə 7698 nəfər tibb işçisinə müddətli əlavə ödənilib. Onların 2489 nəfəri həkim, 4478 nəfəri orta və kiçik tibb işçisi, 731 nəfəri isə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sürücüləridir.