MÜSAHİBƏ


Şahin Həsənli: Qurban kəsilərkən insanların kütləvi şəkildə toplaşması qətiyyən yolverilməzdir

“Əvvəla bunu qeyd etmək istəyirəm ki, Qurban bayramının ayinləri Həcc zəvvarları üçün vacibdir. Dinimiz Qurban bayramında olan ayinləri icra etməyi Həccdə olan zəvvarlara vacib buyurub, digərlərinə isə bu vacib deyil. Bu il məlum olduğu kimi, pandemiya ilə əlaqədar Həcc ziyarəti kütləvi şəkildə qeyd olunmayacaq, ona görə, Həccdə olmayan, öz vətənində olan insanların Qurban ayinlərini icra etməsi dini nöqteyi nəzərdən vacib deyil”. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Şahin Həsənli AZƏRTAC-a açıqlamasında deyib. O bildirib: “Xalq arasında qurban kəsmək adəti var, təbii ki, bu dinimizdən qaynaqlanan adətdir, amma builki şərait biraz fərqlidir. Bu il biz Qurban bayramını pandemiya şəraitində qarşılayırıq və ona görə də, mütləq qəbul olunan qaydalara riayət olunmalıdır. Qurban kəsilərkən insanların kütləvi şəkildə toplaşması qətiyyən yolverilməzdir. İnsanlar bütün ayinləri icra edərkən məsafə gözləməlidirlər və kütləvi şəkildə bir araya gəlməməlidirlər. Bu il bayram namazı heç bir məsciddə qılınmayacaq. İnsanlar bayram namazını evlərində fərdi qaydada yerinə yetirə bilərlər. Çünki indiki şəraitdə insanların kütləvi şəkildə məscidlərə toplaşıb sıx şəkildə namaz qılması virusun yayılmasına səbəb ola bilər. Dinimizin tələbi bundan ibarətdir ki, insanlar öz sağlamlığına önəm verməlidir. Quranda qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Dini ayinlərin icrası zamanı mütləq bu prinsip nəzərə alınmalıdır. İnsan özünün və digərlərinin sağlamlığına təhlükə yaratmamalıdır. Bu baxımdan o həm qanun, həm Allah qarşısında məsuliyyət daşıyır. Gigiyenik qaydalara əməl etmək şərti ilə insan öz ailəsi ilə birlikdə bu bayramı qeyd etməlidir. İnsanların bir-birinin evinə getməsi, bayram adı ilə bir araya toplaşması qətiyyən yolverilməzdir”.