MÜSAHİBƏ


İnam Kərimov: Fermerlər suvarmada müasir texnologiyalardan istifadə etməlidir

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, qlobal istiləşmənin ən böyük mənfi təsirini görən sahələrdən biri kənd təsərrüfatıdır. Fermerlər su çatışmazlığının mənfi nəticələrini aradan qaldırmaq üçün suvarmada müasir texnologiyalardan, innovativ üsullardan istifadə etməlidir. Bu gün Azərbaycanda bu üsullardan geniş istifadə olunur. Təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılması fermerlərə sudan qənatələ istifadə etməyə imkan verir. Eyni zamanda müasir sulama üsulları məhsulun maya dəyərini aşağı salır, məhsuldarlığı çoxaldır, fermerlərin gəlirlərini artırır. Dövlət bu səbəbdən suvarma sistemlərini güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikası və avadanlıq siyahısına daxil edib. Fermerlərimiz 20 faiz ilkin ödəniş etməklə, bu müasir sistemləri alaraq təsərrüfatlarında istifadə edə bilərlər. Alınan məhsulun qiymətinin 40 faizini dövlət ödəyəcək, qalan 40 faiz isə banklar tərəfindən kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizlərini isə yenə dövlət ödəyir. Fermerlərimizi dövlətin yaratdığı bu güzəşt mexanizmlərindən yararlanmağa çağırıram.