ELM VƏ TƏHSİL


Azərbaycanda tələbələr hansı sahələrdə işləyə bilirlər - REPORTAJ

Müasir dövrdə gənclər əmək fəaliyyətinə daha tez başlayır. Çoxları tələbəlik illərindən artıq işləməyə çalışırlar ki, xərclərini və təhsil haqlarını ödəmək üçün ailələrinə kömək olsunlar. Ekspertlər bildirirlər ki, əyani təhsil alan tələbələrin öz ixtisası üzrə işləyə bilməsi onların kadr kimi yetişməsinə müsbət təsir göstərir.

Kamran Əsədov, təhsil üzrə ekspert

“Həmin tələbələri biz mütləq şəkildə əmək münasibətlərinə cəlb etməliyik. Ən azından 2-ci kursu başa vurduqdan sonra yarım ştat yaxud da 0,25 ştat ilə həmin şəxslərin işlə təmin olunmasına biz özümüz şərait yaratmalıyıq. Bu, hər iki tərəf üçün – həm işə götürən üçün, həm işə qəbul edilən şəxs üçün olduqca uğurludur. Yəni artıq o, 4 ildən sonra işləyəcəyi işlə bağlı müəyyən bir biliklərə malikdir. Bu olduqca müsbət haldır”.

Ekspert qeyd edir ki, tələbələrin işlə təmin edilməsi qanunvericiliklə də təsbit edilsə, bu, hazırlıqlı kadrların yetişdirilməsi istiqamətində müsbət addım olar. Yaxşı olardı ki, tələbələr öz ixtisasları üzrə işləyə bilsinlər. Sadiq əmək fəaliyyətinə universitetin birinci kursundan başlayıb. O, dərslə işi balanslaşdırmağın çətin olduğunu deyir. Amma təhsilindən geri qalmamağa çalışır.

Sadiq Tağıyev, tələbə

“Öz ixtisasım inşaat mühəndisidir. Öz ixtisasım üzrə hələ ki iş tapmadığıma görə, restoranda ofisiant kimi işləyirəm. 2 ildir restoranda işləyirəm. Dərslə işi balanslaşdırmaq çətin olsa da çalışıram ki, eyni qaydada tutum. Dərsdən çıxanda tez işə getməyə çalışıram. Ailəyə yük düşməsin deyə öz xərclərimi qarşılamaq üçün işləyirəm”.

Avropanın bir çox ölkələrində tələbələrə işləmək hüququ verilib. Almaniyada onlar üçün həftəlik 20 iş saatı nəzərdə tutulub. Tələbələrin aylıq gəliri 700 avroya qədər olarsa, onlar vergi ödəmirlər. Rəsmi şəkildə iş saatlarının olması isə onlara gələcək karyeralarının qurulmasında həm praktik, həm də hüquqi cəhətdən böyük dəstək hesab olunur.