CƏMİYYƏT


Günəş şüaları hansı xəstəliklər yarada bilər AKTUAL

Yay aylarında günəşli havalardan zövq almağı xoşlasaq da, ondan qorunmaq da mütləqdir. Çünki ultrabənövşəyi şüaların mütəmadi təsiri bir sıra xəstəliklərə yol açır. İstər çimərlikdə, istər şəhərdə bunu nəzərə almaq lazımdır. Ümumiyyətlə isti aylarda saat 11:00 və 16:00 aralıqlarında günəş altında uzun müddət dayanmaq olmaz. Xüsusən də çimərlikdə. Günəş şüası altında dəridə melanin yaranır ki, bu da qaralma effekti verir. Amma melanin dərini heç də tam qorumur. Ona görə də hər kəs orqanizminin və dərinin xüsusiyyətini nəzərə almalıdır. 

Elşad Novruzov, həkim-dermatoveneroloq  

“Günqorucuyu aldıqda hər bir insan nəyə fikir verməlidir, günqoruyucunun üzərində qeyd olunur, A şüalarından qorunma, B şüalarından qorunma, və yaxud hər ikisindən qorunma. Dəri tipinə uyğun olaraq günqoruyucular düzgün seçilməlidir”.

 Dərinin qaralması sağlamlıqdır deyənlər də var. Amma bu belə deyil. Dəri qaraldıqdan sonra belə uzun müddət günəş şüalarına məruz qalmaq sonradan dəri xəstəlikləri, hətta melanoma kimi dəri xərçəngi də yarada bilər. Ən yaxşı halda isə dərinin quruluğu, tez qocalması, çatların əmələ gəlməsi, elastikliyinin pozulması, allergik reaksiyalar, ləkələr qaçılmazdır.

 Elşad Novruzov, həkim-dermatoveneroloq

 “Sırf günəş şüasının təsirindən əmələ gələn ləkələrin müalicəsində qeyd etdiyimiz ağardıcı məlhəmlər və lazer, bunu bu fəsildə etmək məsləhət görülmür.Adətən bu ləkələrlə biz oktyabr ayından, günəş olmadıqda məşğul oluruq. Ağardıcı məlhəm və ya lazer üsulundan istifadə etdikdə dərinin üst qatını aparmış oluruq. Apardıqda isə yenidən günəş şüasının təsiri ola bilir və orda piqmentasiyanı, tündləşməni biraz da artıra bilərik”.

Günün birbaşa təsiri hətta qan hüceyrələrini belə şüalandırır. Sonradan bu da immun sisteminin zəifləməsinə gətirib çıxarır. Odur ki, gələcəkdə müxtəlif xəstəliklərin qarşısını almaq üçün günəş şüalarının mənfi təsirlərindən vaxtında qorunmaq məsləhət görülür.