CƏMİYYƏT


Sumqayıtda su sayğacı oğurlayan şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi və 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Mehman Şərifov və Anar Kişiyev saxlanılıblar.
Onların ətrafında aparılan tədbirlərlə bu şəxslərin şəhər ərazisində 20-dən artıq mənzilin su sayğacını oğurladıqları müəyyən edilib. Mehman Şərifov və Anar Kişiyev ifadələrində oğurladıqları sayğacları şəhər ərazisində metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb.