CƏMİYYƏT


Vüqar Kərimov: Daşaltı, Arazboyu yasaqlıqlarında və Bəsitçay təbiət qoruğunda dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır

İşğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın ilkin qiymətləndirməsi işlərinə başlanılıb. Növbəti dövrlərdə bu qiymətləndirilmələrə təmsil olunduğumuz konvensiyalardan və beynəlxalq təşkilatlardan ekspertlərin cəlb olunması nəzərdə tutulub, çünki çıxarılan hər hansı bir nəticənin növbəti instansiyalarda Ermənistan və ermənipərəst qüvvələrin mübahisəsinə səbəb olmaması üçün həmin qiymətləndirilmədə beynəlxalq ekspertlərin də yanaşmalarının nəzərə alınması vacibdir. Hazırda Daşaltı və Arazboyu yasaqlıqlarında, o cümlədən Bəsitçay qoruğunda dəymiş ziyanın qiymətləndirilməsi ilə əlaqədar işlər aparılır. Yekun nəticələr aidiyyəti üzrə müvafiq dövlət qurumlarına təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülən və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.