CƏMİYYƏT


Saxta jurnalist vəsiqəsi ilə karantin rejimini pozan şəxslər saxlanılıb

Koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşısının alınması məqsədilə daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən növbəti tədbir zamanı Sabirabad rayonunda yaradılmış postda rayonun Qasımbəyli kənd məktəbinin direktoru Sahib Əsgərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə karantin qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb. O, polis əməkdaşlarına üzərində “Muğan-Şirvan” qəzetinin baş redaktorunun birinci müavini yazılan saxta jurnalist vəsiqəsi göstərərək məsuliyyətdən yayınmağa çalışıb. S.Əsgərovla aparılan profilaktik söhbət zamanı o, jurnalist fəaliyyəti ilə məşğul olmadığını və vəsiqənin saxta olduğunu etiraf edib.