CƏMİYYƏT


Sosial şəbəkələrdə vətəndaşları pul müqabilində işsiz kimi qeydiyyatdan keçirən səhifələrə nazirlikdən reaksiya

Son günlər işsiz kimi qeydiyyata alınmaq istəyən vətəndaşlara kömək məqsədi ilə “İnstagram”da bir neçə səhifə yaradılıb. Bu səhifələrdə işsizlərin qeydiyyatının aparıldığı e-sosial.az portalında qeydiyyatdan keçməyə çətinlik çəkən vətəndaşlara pul müqabilində kömək göstərmək təklif olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə halları qəti olaraq pisləyib. Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı insanlara belə səhifələrə etibar etməməyi tövsiyə edib.

Əsmər Nəcməddinqızı, Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi 

“Qeydiyyatı həyata keçirməkdə çətinlik çəkən vətəndaşlara guya yardım etmək məqsədi ilə sosial şəbəkələr üzərindən bunu həyata keçirməyə çalışan səhifələr fəaliyyətə başlayıb. Bu üsulla vətəndaşları aldadan, onlardan bu müqavilində bunu həyata keçirən şəxslərin bu əməllərini qəti şəkildə pisləyirik və vətəndaşları bu cür fırıldaqçılıq əməllərinə uymamağa dəvət edirik. Pulla bunu həyata keçirən şəxslərə qətiyyən qulaq asmasınlar”.

Əsmər Nəcməddinqızı bildirib ki, vətəndaşlar həm elektron sistem vasitəsi ilə, həm də Məşğulluq mərkəzləri ilə əlaqə saxlayaraq qeydiyyatlarını həyata keçirə bilərlər.

Əsmər Nəcməddinqızı, Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi 

“Birinci üsul bundan ibarətdir ki, vətəndaş e-sosial.az portalına daxil olur, elektron xidmətlər bölməsində “Vətəndaşların işsiz və ya işaxtaran kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilər. Burada vətəndaşların FİN nömrəsi, ASAN İmza və ya Elektron imza tələb olunur.  ASAN İmza və ya Elektron imzası olmayan şəxslər e-sosial.az onlayn müraciət bölməsi vasitəsi ilə əlavə qeydiyyat proseduru tələb olunmadan, şəxsiyyət vəsiqəsinin nömrəsini və FİN kodunu daxil edərək öz müraciətini edə bilər. Bunu da həyata keçirə bilməyən şəxslər yaşadıqları rayon və şəhər üzrə Məşğulluq Mərkəzi ilə əlaqə saxlayaraq öz məlumatlarını Məşğulluq Mərkəzi əməkdaşlarına təqdim etməklə qeydiyyatdan keçmək üçün müraciət etmiş olurlar”.

Birdəfəlik ödənişin təyin edildiyi vətəndaşların telefon nömrəsinə bu barədə SMS göndəriləcək. SMS-də “Azərpoçt” qeyd edildiyi halda - istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər. Qeyd edək ki, aprelin 9-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 55 min işsiz üçün birdəfəlik ödəniş - 190 manatın aidiyyəti üzrə köçürülməsi təmin edilib.