CƏMİYYƏT


Gömrükçülər böyük həcmdə narkotik vasitə və psixotrop maddələr aşkarlayıblar

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətiriləcəyi barədə məlumat daxil olub. Həmin əməliyyat məlumatı əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran ərazisindən tranzit keçməklə ölkəmizə gələn Azərbaycan vətəndaşı Dünyamalıyev İlkin Yusif oğlunun idarə etdiyi “MAN” markalı, 99-JZ-401/10-ZJ-401 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb. Şifahi sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.