CƏMİYYƏT


Dəri məmulatlarının içərisində narkotik vasitələr aşkarlanıb

Gövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına ayrı-ayrı şəxslərin yüklərini daşıyan “KaMAZ” markalı, 42 BD 226 dövlət nömrə nişanlı yük avtomobilinin 42 ZA 020 nömrə nişanlı yarımqoşqusuna rentgen qurğusunda baxış keçirilib.

Bakı Baş Gömrük İdarəsi Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları baxış zamanı yarımqoşqudakı yüklərin içində şübhəli cizgilər müşahidə ediblər. Təkrar yoxlama nəticəsində isə dəri məmulatlarından birinin içərisində ayrı-ayrı yerlərdə kəsiklər olduğu müəyyən edilib. Həmin kəsiklərdə isə 4 ədəd bağlamada ümumi xalis çəkisi 2795 qram olan heroin və 0,522 qram psixotrop maddə - metamfetamin, eləcə də 297 ədəd həb şəklində, təsiredici maddəsinin ümumi miqdarı 11,88 qram olan metadon aşkarlanıb.