CƏMİYYƏT


Bakıda gizlənən Gürcüstan vətəndaşı tutulub

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarəyə Elcan adlı şəxsin evində qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan, həmin ölkənin vətəndaşı Elcan Cəfərov paytaxtın Xətai rayonu ərazisində tutulub.

Onun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan bir ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, bir ədəd “F-1” qumbarası, 32 ədəd partron, habelə 8,895 qram narkotik vasitə heroin və 4,403 qram psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı E.Cəfərovun cinayətkar mühitə meyilli şəxs olduğu və əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edildiyi məlum olub. E.Cəfərov Gürcüstan Respublikasında ağır cinayət törətdiyi üçün bir müddət imiş ki, Bakı şəhərində gizlənirmiş.