CƏMİYYƏT


Pandemiya dövründə bağ evlərinin kirayəsində kəskin bahalaşma – Ekspert qiymətləri açıqladı

Azərbaycanda karantin rejimin uzadılması və şəhər əhalisinin regionlara gediş-gəlişinin məhdudlaşdırılması Bakı kəndlərində yerləşən bağ evlərinə olan marağı artırıb. Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı açıqlamasında bildirib ki, bağ evlərinin kirayə qiymətlərində kəskin artım müşahidə olunur və bu artım davam etməkdədir.

Ramil Osmanlı, ekspert

“Bağ evlərinin qiymət dinamikası onun infrastrukturundan asılı olaraq təqribən eyni vaxtda iki ailənin məskunlaşa biləcəyi 6-10 sot torpaq sahəsinə malik olan və həyətində hovuzu olan bağ evlərinin minimum qiymətləri 2200-2500 manatdan başlayır və infrastrukturdan asılı olaraq qiymətlərin 5, 6, 8, 10 min manata qədər artımı müşahidə olunub”.

Bağ evlərini aylıq yox, günlük kirayə götürənlərin sayı da kifayət qədərdir. Ekspertin sözlərinə görə, belə olduqda təklif olunan günlük qiymətlər də normadan bir qədər yüksəkdir.

Ramil Osmanlı, ekspert

“Bu rəqəmlər günlük qiymətlərdə öz proporsionallığını itirir. Aylıq 3 min manata təklif olunan bağ sahəsi 10 gün üçün kirayədə min manata təklif olunmalıdırsa, 10 günlük qiymətdə bu, minimum 1500-1600 manata təklif olunur”.
Mənzil kirayəsinə gəlincə isə qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmur. Qiymətlər tədris ilinin başlanacağı tarixdən asılı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır