İQTİSADİYYAT


Laçınlı arıçılar təsərrüfatlarını doğma torpaqlarında inkişaf etdirməyə hazırlaşırlar

Zəngin floraya malik Laçın rayonu respublikamızda arıçılıq mərkəzlərindən biri sayılırdı. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü burada arıçılığın inkişafını şərtləndirirdi. Odur ki, rayon iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biri də arıçılıq idi. Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilənə qədər rayonda 42 min 364 arı ailəsi var idi. Laçın 1992-ci ildə işğal ediləndə rayonun digər sərvətləri kimi, arı ailələri də erməni qəsbkarları tərəfindən talan edildi. Buna baxmayaraq, ölkəmizin müxtəlif bölgələrində məskunlaşan laçınlı məcburi köçkünlər arıçılıq təsərrüfatlarını yenidən quraraq, ata-babadan qalan bu sahəni yaşatmaqdadırlar. Laçın rayonunun 2020-ci il dekabrın 1-də işğaldan azad edilməsi laçınlı arıçıların daha çox sevincinə səbəb olub. Çünki onlar həm 28 il həsrətində olduqları doğma yurdlarına qayıdacaq, həm də arıçılığı daha yaxşı inkişaf etdirəcəklər.