CƏMİYYƏT


Sərxoş və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 80 sürücü saxlanılıb

Balakəndə sərxoş vəziyyətdə və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 80 sürücü müəyyən edilib. Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində tədbir keçirilib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbir zamanı avtomobillərin atmosferə ixrac etdiyi dəm qazının miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yoxlama zamanı ekoloji normalara cavab verməyən avtomobil sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. Avtomobili narkotik vasitənin təsiri altında və sürücülük hüququ olmadan idarə edən, sərxoş vəziyyətdə sükan arxasına əyləşən, təhlükəsizlik kəmərindən istifadə etməyən intizamsız sürücülər də aşkar olunub. Bu il ərzində spirtli içkinin və narkotik vasitənin təsiri altında avtomobil idarə edən ümumilikdə 80 sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, eləcə də digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də inzibati protokollar tərtib edilib.