MƏDƏNİYYƏT
“Azərxalça”nın Lənkəran filialında ipək xalçalar toxunur
04.03.2024 [19:05]
Azərbaycan xalq-tətbiqi sənətinin bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Təsadüfi deyil ki, tarixən Azərbaycanın bölgələrində xalçaçılıq sahəsində zəngin ənənələr mövcud olub. Sənətkarlar yüksək zövqlə toxuduqları xalçalarda yaşam fəlsəfələrini, həyata baxışlarını, inanclarını ilmələrin dili ilə ifadə ediblər. Bu gün də Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. Respublikamızda xalçaçılığın inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin qayğısı sayəsində bölgələrdə xalçaçılıq müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdən biri də “Azərxalça”nın Lənkəran filialıdır. Altı ildir ölkəmizdə xalçaçılıq sənətinin inkişafına öz töhfələrini verən filialda ötən ilin sonlarından ipək xalça toxunmasına başlanılıb.