CƏMİYYƏT


Polislər çinli turistin itən pul kisəsini tapıblar

Avqustun 15-də Bakıya gələn Çin vətəndaşı Wei Yulinin üzləşdiyi çətinliyin həllində polis əməkdaşları ona yaxından köməklik göstəriblər. Belə ki, Çin vətəndaşı Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, Gürcüstandan Bakıya gəldiyi “Mersedes” markalı sərnişin mikroavtobusundan paytaxt ərazisində düşən zaman içərisində 2000 dolları, 300 Yuan, 1000 Sinqapur dolları, 400 lari, 100 manat və bank kartları olan pul kisəsini həmin nəqliyyat vasitəsində unudub. Polis Şöbəsində sənədləri və pulları itən həmin şəxsə lazımi köməklik göstərilib. DİN Növbətçi Hissələrin İdarəetmə Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi, Nəsimi RPİ və 22-ci Polis Şöbəsi əməkdaşlarınını qısa zamanda həyata keçirdikləri birgə tədbirlər nəticəsində həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyən edilib və nəqliyyat vasitəsinin Goranboy rayonu ərazisindəki stasionar postda saxlanılması təmin olunub. Nəqliyyat vasitəsinin sürücüsü Gəncə şəhər sakini Dursun İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə gətirilib. O, Çin vətəndaşının itmiş əşyalarının polisə təqdim etdikdən sonra izahatı alınaraq buraxılıb.