CƏMİYYƏT


Hesabat ilində 818 cinayətkar qrup zərərsizləşdirilib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bildirib ki, ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı sabit qalaraq 265 fakt təşkil edib. 2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.672 cinayət qeydə alınıb.
2018-ci illə müqayisədə qəsdən adam öldürmələr 5,4, adam öldürməyə cəhdlər 23,4 faiz azalıb.
Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb və vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.